Neyratron lahiyəsi

Проза


 

 

◊ 10 il zirzəmidə - Son fəsil

05.06.2010 09:18

 
VII
Azdan-çoxdan beş saat olardı ki, fasiləli şəkildə sorğu-suala tutulurdu. Bununla belə ürəyində ömrü boyu gizlətdiklərini aşkar etdikcə, boşaldıqca, özündə mənbəyi bilinməz bir rahatlıq duyurdu. Danışdığı son əhvalatdan sonra gözləri doldu. Başını günahını boynuna almış vicdanlı cinayətkar tək aşağı salıb, altdan-altdan ağladı.
-         Bəs sonra nə oldu...Səni yenidən geri qaytardılar?
Fəridin səsi bir qədər boğuq gəldi. Dili də pəltəkləyirdi.
-         Əclaflar, necə demişdilər, elə də oldu. Məni cəzalandırmaq əvəzinə, mənim məsuliyyətimi daşıyan Jaləni öldürdülər...Əvvəl elə bildim, bu sadəcə bir yersiz zarafatdır. Ancaq onun  meyitini zirzəmiyə atanda, həqiqətin nə qədər acı olduğunu gördüm. O gündən özümə də ev yiyəsinə də ləhnət oxudum. Hər şeyə nifrət etdim. Yazıq Jalə mənə görə həyatını dəyişdi. Elə gecə olmayıb ki, buna görə vicdan əzabı çəkməyim. Hər gün yuxuma gəlir.
Qızı möhkəm taxta döyənəklə öldürmüşdü Kərəm kişi, hər halda, meyitin kəlləsinin arxasından olan nəhəng çat və deformasiya buna təsdiq idi. Necə də dəhşətli bir şey idi. Bu ev sahibindən nə desən gözləmək olardı. Artıq qorxu o həddə çatmışdı ki, tam yoxa çıxmışdı. Ölümdən qorxmurdum daha, bilərəkdən əvvəlkindən az işləyirdim. Günün çox hissəsini qalağın üstündə uzanıb, Jalə haqqında, anam haqqında fikirləşirdim. Artıq yeganə işçi qüvvə olduğumdan məni də əldən verməmək üçün məni qarşı o qədər də zorakı tədbirlər görmürdülər...
Kapitan üzünü turşudaraq:
-         Əslinə qalanda bu melodrama mənlik deyil, sən əsas sualıma cavab ver, on il ərzindən zirzəmidə necə iş gedə bilərdi. Axı bu ailə çoxdan Marsa köçmüşdülər...
-         Yeraltı yol...yeraltı yol var idi iki-üç kilometr uzunluğunda...Parçaları da elə bu yeraltı yollarla daşıyırdılar, sonra isə hazır məhsulları yeraltı bazarlarda mübadilə edirdilər. Belə yeraltı yollar əslində bir növ hörümçək toruna bənzəyirdi. Bu yolla istənilən “qara” istehsalçının zirzəmisinə girmək olardı. Bu yeraltı şəhərə açılan yol bizim zirzəmidən olmasa da, Jalənin dediyinə görə, həyətdəki tövlənin zirzəmisindən başlayırdı. On il ərzində kimin işləməsinə qaldıqda isə mən heç özümdə başa düşmürəm, bildiyim qədəri mən bütün bu vaxtı dərin yuxuda olmuşam.
Kapitanın üzü kəskin şəkildə dəyişdi. Dondurma verilən ərköyün uşaq tək sifət alıb, yerin qalxdı və “dondurmanı verənə” tərəf addımladı. Fəridin də təəcübünə, gülümsəyərək, Fəridin alnından öpdü, başına sığal çəkərək.
-         Sən bizə çox kömək oldun, balası...Heç ağlımıza da gəlməzdi, belə yeraltı bazar mövcud ola bilər. Nəhayət ki, bu parça paltar tikən, satan əclaflara son qoya biləcəyik. İndi mən sənin istədiyini şeyini, əlimdən gələn qədəri, etməyə hazıram. Nə sualın, nə istəyin var de, çəkinmə...
Fərid dərhal...
-         Bir istəyim var,...məni anama qaytarın. Anamı çağıra bilərsiz.
Kapitan başını qaşıyaraq, lazımı cavab axtarmağa çalışdı.
-         Bilirsən, sənin anan haqqında sənə, professor daha geniş məlumat verə bilər. Səni yaxşı tanıyan biri kimi, O, məndən yaxşı aydınlıq gətirər bu olduqca qəliz məsələyə. Əslinə qalanda bizim səninlə sorğu-sualımızın əksər hissəsini arxa otaqda quraşdırılmış səs gücləndiricilərdən eşidib. Gözlə indi onu çağırım.
Əlini qapının dəstəyinə atırdı ki, birdən nəisə yadına düşübmüş kimi
-         Sonda bir sual verim sənə, bu sual hər şeyə aydınlıq gətirə bilər...Sonuncu dəfə nə vaxt yemək yemisən
Fərid bu mənasız, əslində isə arxasında böyük həqiqətlər gizləyən sual qarşısında aciz qalsa da, şübhələr dolu xırıltılı səslə
-         Məgər bayaq sizin yanınızda yemək yeyən mən deyildim?
Kapitan başını bulayıb otağı tərk etdi. Bir neçə saniyə sonra içəri girən mavi xalatlı və mavi kalpaklı, daha çox cərrah təsiri bağışlayan, professor keçib, rəisin kreslosunda rahatca əyləşdi. Fərid başa düşdü ki, artıq kapitan bu söhbətdə iştirak etməyəcək. Həkimin sifətinə baxanda qəribə tanışlıq hiss etdi. Elə bil professorun obrazlı yaddaşı onun neyronlarının lap dərinliklərində batıb qalmışdı. Bilə bilmirdi bu professoru harda görüb.
-         İndi tapa bilmirsən ki, məni harda görmüsən...Adım Abdulladır, nanotexnologiya və novalafaloqiya üzrə dosent, professor Əlimətov. Bizim necə tanış olduğumuz qalsın sonraya, ilk növbədə səni aydınlıq dünyasına çıxarmaq lazımdır. Səni düşüncələrini düzgün səmtə vermək və bunu mərhələli şəkildə etməliyik, əks halda bu sənin iflasına səbəb ola bilər.
-         Zabit dedi ki, Siz anamın harada olduğunu bilirsiz? Anamı tapıb çağıra bilərsiz?
-         Fərid, heç də xoş xəbərim yoxdur sənə. Sənin anan uzun müddət bundan əvvəl dünyasını dəyişib. Sənsiz yaşa bilməyib, özünü zəhərləmişdi. Həkimlər nə qədər əlləşsələr də, artıq çox gec idi.
-         Yox ola bilməz...Yalan deyirsən...Əclaf, gözünün içinə kimi yalan deyirsən.
-         Mən elə bilirdim ki, bunu anlatmaq çox çətin olacaq... İndi ki, məsələnin ən pis tərəfini bildin, keçək həqiqətin ümumi şəkildə açılmasına. Sən ömrü boyu elə bilmisən ki, səni kimsə qaçırıb, o qarlı gecədə, o soyuq qış gecəsində. Amma səni inandırım, səni heç vaxt qaçırmayıblar. Səni Həmdilər ailəsi lap kiçik yaşlarından “qul bazarından” alıblar.
-         Heç nə başa düşə bilmirəm.
-         İndi başa düşərsən. Hər şey təxminən 80 il bundan əvvəl baş verib.
-         Səksən il?
-         Bəli daha doğrusu 74 il bundan öncə. 2011-ci ildə. Sən, yəni Fərid, qar adamı düzəldən zaman özünü qonşu uşağın dayısı kimi təqdim edən, əlində kök sənə yaxınlaşan bir manyak elə ananın qarşısındaca səni öldürüb. İndi başa düşdün, səni heç kim qaçırmayıb... Bunların hamsı səndən yaddaş kombinasıyalarının alternativ uzlaşma axtarmasından baş verib
Fərid həkimin dəli olduğunu sanıb, məsəlini lağa verdi
-         Hə, mən iki min on birdə ölmüşdümsə indi burda nə itim azıb. Bəlkə bu başqa dünyadır, xəbərim yoxdur.
-         Biraz səbirli ol, Artek,...
Artek? Yəni onun adını da yadda saxlaya bilməyən bir həkim, həqiqəti bilə bilər. Bununla belə Artek adını hardasa əvvəllər eşitmişdi. Çox tutqun idi yaddaşı bu professorla bağlı.
-         ...Anan saydığın İlahə xanımın, gözünün qarşısındaca sənin boğazını yortur, həmin məqsədsiz əclaf manyak. Sonradan atan sənin intiqamını ala biləcək,...Ancaq bunun səni itirmiş anana heç bir isti-soyuğu olmayacaq. Bir neçə gündən sonra özünü zəhərləyib öldürəcək.
Mən demişdim ki, həqiqəti mərhələli şəkildə açıqlamaq lazımdır, TƏDRİCƏN, əks halda bu həqiqət çox güclü əks effekt verə bilər. 2011-ci ildə, səni öldürən ...gülümsəmək lazım deyil, “səni öldürən” deyən zaman nə demək istədiyimi bir aza başa düşəcəksən...yəni elə manyakların sayı həddindən artıq çoxalmışdı. Bəzilər bunu seksual doymamazlıq, digərləri seksual çatışmamazlıq kimi səbəbləndirirdi. Hər ölən övladdan sonra mütləq ailə dağılırdı. Əvvəl evin dirəyi ana ölür, ardınca ata dünyasını dəyişir, alternativ uşaq isə yetim qalaraq, onsuzda böhranın həyatı iflic etdiyi bir sağ-qalma cəngəlliyinə atılır. Bir sözlə ailələr dağılır. Öz övladı da manyak tərəfindən xüsusi amansızlıqla öldürülmüş və ardınca hamilə həyat yoldaşını  itirmiş professor Cəmilzadə özünə söz verir ki, daha bu üzdən heç bir ailə dağılmayacaq...-onun övladı səndən qabaq öldürülmüşdü...- Bir sözlə klonlaşdırma istiqamətində gizli tədqiqatlara başlayır. Sənin ölümün onun üçün əlverişli imkana çevrilir. Sənin meyitin morqdan yoxa çıxır. Bir neçə ay sonra, bədənin kanalların birində aşkar olunsa da, bədəndən ustacasına ayrılmış başından əsər-əlamət olmur. Belə ki, Cəmilzadə sənin kəllə hissəndən öz əməliyyatlarında istifadə etdiyi üçün öz gizli labaratovarında saxlayır.Bu vaxta qədər görünməmiş texnoloqiyalarla, beyninin bir  neçə uğurlu klonlarını yetişdirə bilir, təcrübələrini sonradan ABŞ-da həyata keçirdiyindən,  onun Mərkəzi Kəşfiyyat Agentliyi ilə həmməqsəd olduğu məlum olur. Agentlik Cəmilzadənin uğurlu layihəsini maliyyə yardımı ilə dəstəkləyir. Sənin beynlərinin bir neçə yüz identik klonu yaradılır. Sənin tam klonunun  yaradılması isə nədənsə hər zaman ertələnir. Görünür, ABŞ hökümətinin məqsədi heçdə klon insan yaratmaq deyildi. Bəs bu klon beyinlər nəyə lazım idi. Bax hər şey də bundan başladı. 2018-ci ildə Eynşteynin klonlaşdırılması qalmaqalı ortaya çıxdıqdan sonra, layihəyə xitam verilir. Bir neçə ildən sonra isə novaskin və digər yad tipli materialların və daimi enerji mənbəyinin aşkarı azacıq tətbiqatlar böyük nailiyyətlər əldə etməyə əlverişli şərait yaradır. Dünya Aliyansı yaranır və dünya əhalisinin onsuzda az qalmış əhalisinin rahat həyatını təmin etmək məqsədilə yeni bir fundament axtarışına düşür. Belə fundament qismində təzəcə yaranmış UNİNOVAROBOTİKS təşəbbüs göstərir. Professor Cəmilzadənin gizli təcürbələrini və metodlarını öyrənib, üstəlik minlərlə klon beyni aşkar edib öz məqsədləri üçün istifadə edir. Bir sözlə süni insanların, bədənində bir dənə belə metal və ya sümük tipli möhkəm quruluşun olmadığı tam yeni robotların istehsalına başlayır. Yeni robotlar görünüşə görə heçdə insandan fərlqlənmir. Blue Brain layihəsinin iflası bütün dünyaya açıq aşkar təsdiq etmişdi ki, Yücə Varlığının yaratdığı insan beynini heç bir süni proqram əvəz edə bilməz. Ona görə bu robotlarda insan beynləri yerləşdirilirdi...Sən Fərid deyilsən. Sənin əsl adın Artek-147-dir. Özün kimilərin yüz qır yeddincisi...Sən indi Alyansın diqqət mərkəzindəsən. Çünki yeganə çıxdaş, zay çıxan robotsan. Yaddaşın işə salınmazdan əvvəl silinsə də, hansısa yolla, anan haqqında məlumatlar beyn hüceyrələrinin qatı dərinliklərində toxunulmaz qalıb. Sən elə bilirsən ki, hər kəs sənin danışdıqlarından duyğulanıb, göz yaşı tökəcək. Halbuki indi hər bir ailənin evində sən və Jalə tək novarobot mövcuddur. Alyansın qanunvericiliyi isə istifadəçilərə novarobot üzərində istənilən səlahiyyətləri verir. Jalənin öldürülməsi tip şeylər, gündə minlərlə baş verən haldır. Və burada zorakı bir şey yoxdur...Aha yaxşı yadıma düşdü rəis bilirsən niyə sənin nə vaxt yediyin haqqında sual vermişdi? Sənə bu absurd görünə bilər, axı sən novarobotsansa, yemək necə yeyə bilərdin. Cavab yenə də acı olsa da məntiqə sığınır. Sən bu nə bir saat öncə bu otaqda, nə də ki, ömrüboyu zirzəmidə heç bir şey yeməmisən. Bu sənin və səninkimilərin beyninə yazılmış avtomatik rejimli yaddaş törədicisidir. Yəni sən heç zaman özünə belə bir sual vermirdin ki, hər zaman, hətta rəisin otağında belə, eyni yeməklərlə qidalanırdın – mərci şorbası, gülkələm-kartof qızartması, hər zamanda gümüşi sini üzərində. Həqiqətdə mövcud olan yalnız sinidir. Sini sənin və sənin kimilərin beynində hər zaman yeməklə bağlı avtomatik assosasiyalar yaradır, yaddaş neyronlarında oynamalara səbəb olur. Bax belə mənim dostum, Artek, dediyim kimi, hər həqiqəti mərhələli şəkildə aşkar etmək lazımdır. Bu çox effektiv vasitədir. Sənin gələcək həyatın həqiqəti qəbul edib etməyəcəyindən asılıdır. Sən elə bilirdin ki, bis səni zirzəmidən ona görə xilas etmişik ki, səni iztirablarına son qoyaq. Xeyr, sənin kimi milyonlarla novarobot sənin düşdüyün vəziyyətlərdən də ağır şəraitdə fasilə bilmədən işləyir. Sənin insana bənzəməyin heç bir istifadəçinin xoşuna gəlməz. Mənə bir şey maraqlıdır ki, Həmdilər ailəsi necə olub, səni əvvəldən deinstalizə etməyiblər. Görünür övladları olmadığından həqiqi surroqat kimi səni seçiblər, sənə olan məhəbbətlərini gizləsələr də, əslində sənə çox möhkəm bağlanıblar. Ona görə də, sən evdən qaçanda, səni deinstalə etmək əvəzinə, daha tipik robot Jaləni, əslində Şlyuz-1200-ü ölürüblər.
Fərid heç bir müqavimət göstərə bilmirdi, tədricən beyninə nüfuz edən  həqiqətlərə. Müqavimət göstərməsə belə, həqiqətləri hələ də qəbul etmək istəmirdi. Birdən professor Əlimətov qalın səslə:
-         Kök, İlahə, qar, maşın, işıq, zirzəmi...- deyə bir-birinə yad olan, əslinə qalanda isə olduqca əlaqəli bir qatar isim adı çəkdi. Fəridi bu sözləri özündən asılı olmayaraq yerindən qaldırdı. Stulu çəkib, fərəqətdə durdu və növbəti əmri gözlədi. Artek-147, yaddaşından bütün anayla bağlı məlumatları sil və məruzə et.- deyə professor otağı tərk edib, heç vaxt böyüməyəcək Fəridi tək başına buraxdı. Artıq anasıyla bağlı yaddaşının altmış faizi silinmişdi.
 
SON


Просмотров: 100


Что бы иметь возможность оставлять комментарии вы должны пройти авторизацию.
Если вы еще не зарегистрированы на сайта, то вы легко можете это сделать тут.
Логин
Пароль
Забыли пароль?     Регистрация



Меню

  ◊   Главное
  ◊   Про нас
  ◊   Линкы
  ◊   Блоги
  ◊   Рекламы
  ◊   Форум
  ◊   Контакты
  ◊   Карта

Больше читаемые блоги


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (9162)
Bahar Turkel
baharturkel.kitabxana.net (8644)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (8405)
Münasibət
nuraz.kitabxana.net (6198)
yazaraz
yazaraz.kitabxana.net (4880)


Статьи / книги



Автор: Гид

Автор: Stən Barstou

Автор: İskəndər Etibar

Автор: Могаммед Амани